Dr. Arzu Məmmədova Həkim-kosmetoloq

Xidmət

Fotocavanlaşma — Lumecca (IPL)

IPL (intensiv impulslu işıq) texnologiyası dərinin rəngindəki qeyri-bərabərliklərlə — piqment ləkələri və genişlənmiş səthi damarlarla — işləyən aparat prosedurudur.

Prosedur nədir

IPL lazerdən fərqli olaraq tək bir dalğa uzunluğu deyil, geniş spektrli işıq buraxır. Bu işıq dəridəki hədəf strukturlar — melanin (piqment) və hemoglobin (damarlardakı qan) — tərəfindən seçici şəkildə udulur. Udulan enerji istiliyə çevrilir və həmin strukturlara təsir edir; ətrafdakı toxuma isə nisbətən az təsirlənir.

Piqment ləkələri prosedurdan sonra adətən əvvəlcə tündləşir, daha sonra tədricən dərinin səthinə çıxaraq soyulur. Bu, gözlənilən gedişdir.

Hansı hallarda müraciət edilir

  • Günəş şüalarının yaratdığı piqment ləkələri
  • Qeyri-bərabər dəri tonu
  • Kuperoz, damar şəbəkəsi və səthi kapilyarlar
  • Rozasea ilə əlaqədar qızartı
  • Postakne izləri və dəridəki qızartılar
  • Dərinin ümumi solğun görünüşü

Prosedur üzdən başqa boyun, dekolte və əllər kimi nahiyələrdə də tətbiq oluna bilər.

Piqmentasiyada səbəb vacibdir

Bütün piqment ləkələri eyni deyil. Melazma kimi bəzi hallarda IPL vəziyyəti yaxşılaşdırmaq əvəzinə pisləşdirə bilər. Bundan başqa, dəridəki hər hansı törəmənin xarakteri şübhə doğurarsa, estetik prosedura keçməzdən əvvəl dermatoloq və ya onkoloq müayinəsi tələb olunur. Bu, mütləq şərtdir.

Konsultasiya və planlaşdırma

  1. Dəri tipinin və piqmentin qiymətləndirilməsi

    Fototip, piqmentin xarakteri və dərinliyi, son dövrdə günəşdə olma tarixçəsi araşdırılır.

  2. Şübhəli törəmələrin yoxlanılması

    Xarakteri aydın olmayan ləkə və ya törəmə aşkar edilərsə, prosedur aparılmır və mütəxəssisə yönləndirmə edilir.

  3. Parametrlərin seçimi və sınaq zonası

    Enerji parametrləri dəri tipinə görə fərdi seçilir; zərurət yarandıqda kiçik sınaq nahiyəsi işlənir.

  4. Kurs və mövsüm

    Prosedur adətən bir neçə seansdan ibarət kurs şəklində planlaşdırılır və günəş rejimi nəzərə alınır.

Prosedurdan sonra

Qısamüddətli qızartı və istilik hissi normaldır. Piqment ləkələri tündləşərək bir neçə gün ərzində soyulur — bu qabıqcıqları qoparmaq olmaz.

  • Yüksək faktorlu günəş qoruyucusu — mütləq və mütəmadi
  • Aktiv günəşdən və solaridən çəkinmək
  • Tündləşən ləkələri mexaniki təsirlə təmizləməyə çalışmamaq
  • Dərini nəmləndirmək və qıcıqlandırıcı vasitələrdən imtina etmək

Risklər və mümkün ağırlaşmalar

IPL tibbi aparat prosedurudur və risksiz deyil. Mümkün olanlar: qızartı, şişkinlik, müvəqqəti tündləşmə, dərinin rənginin qeyri-bərabər dəyişməsi (hiper- və ya hipopiqmentasiya), qabarcıq və yanıq, herpesin aktivləşməsi, nadir hallarda çapıq əmələ gəlməsi. Risk düzgün seçilməmiş parametrlərdə və qaralmış dəridə artır.

Əks-göstərişlərə son dövrdə günəş yanığı və ya aktiv qaralma, hamiləlik, işlənəcək nahiyədə aktiv infeksiya, işığa həssaslıq yaradan dərmanların qəbulu, bəzi dəri xəstəlikləri və xarakteri müəyyən edilməmiş dəri törəmələri daxildir.

Tez-tez verilən suallar

Neçə seansdan sonra nəticə görünür?

Bəzi dəyişikliklər ilk seanslardan sonra nəzərə çarpa bilər, lakin bu, piqmentin xarakterindən və dərinliyindən asılıdır. Prosedur adətən kurs şəklində planlaşdırılır. Konkret seans sayına və nəticəyə zəmanət verilmir.

Qaralmış dəridə etmək olarmı?

Xeyr, tövsiyə edilmir. Aktiv qaralma və ya son dövrdə günəş yanığı halında ağırlaşma riski artır. Prosedurdan əvvəl müəyyən müddət günəşdən qorunmaq tələb olunur.

Melazmada IPL kömək edirmi?

Melazma xüsusi haldır və IPL bəzi hallarda vəziyyəti pisləşdirə bilər. Buna görə də melazma şübhəsi olduqda yanaşma fərqli qurulur — bu barədə piqmentasiya səhifəsində yazmışam.

Prosedur ağrılıdırmı?

Adətən qısamüddətli isti “çırtma” hissi kimi təsvir olunur. Həssaslıq fərdidir və parametrlər rahatlıq nəzərə alınmaqla tənzimlənir.

WhatsApp ilə yazın